Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 18-ci turu çərçivəsində baş tutan “Emmen” komandası ilə oyunun iştirakçısı olub.
“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının iki qolunu məhz Ozan vurub. O, əvvəlcə 20-ci dəqiqədə hesabı 1:1 edib. 90+3-cü dəqiqədə isə millimizin üzvü komandasının əzmkar qələbəsini rəsmiləşdirib. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
“Eyndhoven” cari mövsümdə qazandığı 26 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 57 oyuna çıxıb, 12 qola imza atıb.


