Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın liderlərindən olan Abdullah Zubir Ağdam klubunda 50-ci qolunu vurub.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 16-cı turuna təsadüf edib. 32 yaşlı fransalı yarımmüdafiəçi “Sumqayıt”la səfər matçında qol sevinci yaşayıb.
Zubir Ağdam klubunda 236-cı oyununda 50-ci qolunu vurub. O, Premyer Liqada 38, ölkə kubokunda 1, avrokuboklarda 11 dəfə fərqlənib.
Fransalı legionerin ilk qolu debüt etdiyi 2018/2019 mövsümündə qeydə alınıb. O, 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə ev matçında (4:1) iki qola imza atıb.
Xatırladaq ki, Abdullah Zubir 2018-ci ilin iyul ayından “Qarabağ”ın şərəfini qoruyur. Onun Azərbaycan çempionu ilə mövcud müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda bitəcək. Təcrübəli vinger Ağdam klubunun heyətində 236 oyuna çıxıb, 50 qol və 61 məhsuldar ötürmə müəllifi olub.
Peşəkar karyerasına Fransanın “Qrenobl” klubunda başlamış Zubir bu ölkədə “İstr” və “Lans” kimi komandaların da formasını geyinib. Fransalı futbolçu Şotlandiyada “Hibernian”, Rumıniyada “Petrolul” kimi klublarda da legioner həyatı yaşayıb.


