Adrian Mutu: “Məni indi yalnız “Neftçi” maraqlandırır”

“Neftçi”nin Rumıniyadan olan baş məşqçisi Adrian Mutu ölkəsinin “Gazeta Sporturilor” nəşrinə müsahibə verib.

Arena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis paytaxt təmsilçisinin çıxışını dəyərləndirib:

“Bir aydır məğlubiyyətsiz irəliləyirik, komanda indi daha yaxşıdır. Azərbaycanın ən böyük klublarından biri olan “Neftçi”də həmişə təzyiq var. Hər kəs nəticə gözləyir”.

O, Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri matçdan da söz açıb:

“Onlarla oyunlar son 10 ildə ənənə halını alan derbidir. “Qarabağ” 10-15 ildir çox inkişaf edib. Bizi çox çətin oyun gözləyir. “Qarabağ” yaxşı komandadır, bunu Avropa Liqasının qrup mərhələsindəki nəticələrlə sübut edib. UEFA Çempionlar Liqasında da mübarizə aparıblar, yüksək keyfiyyətə malikdirlər. İndi isə Avropa baharı üçün yarışırlar”.

Adrian Mutu adının Rumıniyanın ÇFR (Kluj) klubu ilə birgə hallanmasına da münasibət bildirib. O, gələcəkdə Rumıniyada çalışmaq arzusunu gizlətməyib: “Mənimlə heç kim əlaqə saxlamayıb. Uzun illərdir adım ÇFR ilə birgə hallanır. Gerçək olmayan mövzu haqqında danışmağa ehtiyac yoxdur. Məni indi yalnız “Neftçi” maraqlandırır. Bütün diqqətimi tam şəkildə komandama yönəltmişəm. Gələcəklə bağlı indidən nəsə demək düz olmaz. Həmişə demişəm ki, Rumıniyada çalışmağı xoşlayıram”.

Keçmiş keçmiş klubu “Rapid”in indi böhranda olmasından da söz açıb: “Bəli, bu çox pisdir. İki ay əvvəl də belə idi, işlər yaxşı getmirdi. Çətin dövrdən keçdim, amma komandanın tezliklə toparlanacağına inanıram. Qışda “Rapid”dən təklif gəlsə, cavabım nə olar? Birincisi, “Neftçi”nin baş məşqçisiyəm və burada sahib olduqlarım məni daha çox maraqlandırır. “Rapid”in məşqçisi var, onunla uğur qazanacağını düşünürəm. Sadəcə onu deyə bilərəm ki, “Rapid”də yaxşı iş görmüşəm”.

Xatırladaq ki, Mutunun rəhbərliyi altında “Neftçi” hazırda 25 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bu komandanın “Qarabağ”la oyunu dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: