Qurban Qurbanov: “Hakken”lə matça tam hazırıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda “Hakken”lə qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu il Avropada son oyunumuza çıxırıq. Bizim üçün çox vacib matçdır. Futbolçularım demək olar ki, tam hazırdırlar. Çox yaxşı hazırlıq keçiblər. Rəqibin də bəzi müsahibələrindən görürük ki, oyuna çox ciddi yanaşırlar, qrupu xalsız tərk etmək istəmirlər. Nəzərə almalıyıq ki, qarşımızda çox istəkli rəqib olacaq. İnanıram ki, həm psixoloji, həm taktiki cəhətdən futbolçularım oyuna tam hazır olacaqlar. Oyunçularıma inanıram. Oyuna kimi futbolçularımıza daha ətraflı məlumat verəcəyik və bəzi tam işləmədiyimiz detalları bu gün, sabah tam ətraflı çalışacağıq”.

Baş məşqçi zədəli futbolçuların durumundan da söz açıb: “Çox istəyərdim ki, bu oyunda hamı iştirak etsin, hamı sağlam olsun. O cümlədən də Kevin Medina. Qrupda ikinci yerdə olmaq şansımız varsa, futbolçular hamısı bunu haqq edib. Əfsuslar olsun ki, Medina Bakıda da olmayacaq. Dünən əməliyyat olunub. Özü ilə görüntülü danışdım. Bakıda olmağı çox istəyirdi. Dedi ki, hiss edin ki, yanınızdayam. O, əsas oyunçularımızdan biridir. Meydanda olmasını istəyərdik. Amma bu gün bunu düşünməli deyilik. Sırf oyun haqda düşünməliyik. Hansısa problemimiz varsa, onu necə aradan qaldırmaq haqda fikirləşməliyik. İnanıram ki, digər oyunçular bunu bacaracaqlar. Dəfələrlə görmüşük ki, 2-3 əsas futbolçumuz omayıb, amma digərləri onları çox düzgün, bacarıqla sığortalaya biliblər. Medinaya tezliklə geri dönməyi arzulayırıq. Allah qoysa, tezliklə dostlarının, komandasının yanında olar. Digər futbolçular yoxluğu hiss etdirməməyə çalışacaqlar. Marko Veşoviçə gəlincə, durumu normaldır. Sabah səhər də məşqimiz olacaq. Hər şey qaydasında olsa, inanıram ki, meydanda olacaq”.

“Futbolçuların bunu bacaracaqlarına əminəm”

Qurban Qurbanov komandasının qrup ikincisi kimi Avroliqanın pley-offuna vəsiqə qazanmaq şanslarına da toxunub:

“Belə vəziyyətlə üzləşməyimiz ilk dəfə deyil. Bir neçə dəfə son matçda şanslarımız olub. Hətta son saniyələrdə nəticəni əldən vermişik. Bu gün də şansımız var. Futbolçularımla danışıram, istək çoxdur. Bütün azarkeşlərdə, sizdə, futbol ictimaiyyətində də həmçinin. Bunlar narahat olduğum məqamlardır. Tələb deyil, istəkdir. Hansı ki, futbolçulardan istənilir. Biz çox soyuqqanlı olmalıyıq. Səhvimizin az olmasına çalışmalıyıq. Rəqibə qarşı necə hazırlaşırıqsa, hansı hücumları qurmalıyıqsa, bunu düşünməliyik. Futbolçular bunu yerinə yetirməlidir. Şansımız var ki, bundan istifadə edək. Çalışacağıq ki, meydanda düzgün, səhvsiz oyunla bunu yerinə yetirək. Daim istəyirik ki, minimum nəticələri qoruyub-saxlayaq və imkan olduqca, irəli gedək. Bunun üzərində çalışırıq. Futbolçular sabah çalışmalıdır ki, ən təcrübəli və düzgün oyunlarını oynasınlar. Bunu bacaracaqlarına əminəm”.

“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də mətbuat konfransında sabahkı matçla bağlı düşüncələrini bölüşüb:

“Bizi sabah çox vacib oyun gözləyir. Tam hazırıq. Rəqibi də analiz etmişik. Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək. Hava şəraiti bizim üçün problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Öyrəşmişik. Sabah fürsətimiz var. Hamı bacarığını göstərmək istəyir. Öncə biz sabah qalib gəlməli və Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Ondan sonra növbəti rəqib haqda danışa bilərik. Komanda düzgün hazırlıq, motivasiya keçsə, elə keyfiyyətdəyik ki, hər rəqibə qarşı oynaya bilərik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: