Harri Keyn Bundesliqada yeni məhsuldarlıq rekorduna imza atdı

Bundesliqanın 15-ci turunun “Bayern” – “Ştutqart” oyunu münhenlilərin ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Münhen təmsilçisi “Alyans Arena”da rəqibini 3:0 hesabı ilə məğlub edib.

Münhenlilərin hücumçusu Keyn oyunda dubla imza ataraq, Almaniya Bundesliqasında vurduğu qolların sayını 20-yə çatdırıb. Bunun üçün ingilis hücumçuya cəmi 14 oyun kifayət edib və bu nəticə Bundesliqanın yeni məhsuldarlıq rekordu kimi tarixə düşüb.

Xatırladaq ki, “Hamburq”un məşhur hücumçusu Uve Zeelerə müvafiq nəticəyə çatmaq üçün 21, “Mançester Siti”nin norveçli qolçusu Erlinq Halanda isə Dortmund “Borussiya”sında çıxış edərkən 22 oyun gərək olub.

Vurğulayaq ki, Keyn 20 qolla Bundesliqanın ən sərrast futbolçusudur. Onun hesabında 5 məhsuldar ötürmə də var. Qol və məhsuldar ötürmə cəmi üzrə 25 xalla Keyn həm də Almaniya çempionatının ən səmərəli futbolçusudur.

Bu rekordla yanaşı, Keyn cari təqvim ilində ən çox qol vurmuş futbolçuya çevrilib. Hazırda ingilis hücumçunun hesabında 51 qol var. 50 qolla “Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo və 49 qolla PSJ-nin fransalı hücumçusu Kilian Mbappe Keyni təqib edirlər.

Harri Keyn “Tottenhem”in yetirməsidir. Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 24 qol vurub, 8 məhsuldar ötürmə verib.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: