Bu gün “Neftçi” Peşəkar Futbol Klubu ilə rumıniyalı baş məşqçi Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Neftçi” PFK Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar diləyib. Eyni zamanda, klub Adrian Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verib.
Hazırda Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan “Neftçi” PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırıb.
Xatırladaq ki, Adrian Mutu bu ilin iyul ayında “Neftçi” ilə 2 illik müqavilə bağlamışdı. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib. O, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub.
Mutu 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
“Neftçi”dən öncə Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl-Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya” (Krayova, Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) də baş məşqçisi olmuşdu. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malik mütəxəssis “Rapid”dən məhz “Neftçi”yə görə ayrılmışdı.
“Neftçi” Mutunun rəhbərliyi altında bütövlükdə 22 oyun keçirib. Komanda bu oyunlarda 9 qələbə qazanıb, 5 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.


