Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 18-ci turu çərçivəsində “Tirana” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutan bu qarşılaşmadan gözlənilməz məğlubiyyətlə ayrılıb. Belə ki, futbolçumuzun komandası yekunda 5 cavabsız qola üzülüb – 0:5.
Vüsal bu matça start heyətdə başlayıb və 73-cü dəqiqədə, hesab 0:2 olarkən əvəzlənib. Cari mövsümdə Albaniya çempionatında 6 qol və 2 məhsuldar ötürmə müəllifi olmuş azərbaycanlı futbolçu bu dəfə də fərqlənə bilməyib.
“Eqnatiya” bu məğlubiyyətə baxmayaraq, 18 turdan sonra 37 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 20 oyuna çıxıb, 6 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.


