Ronaldo Makqreqorla bağlı qeyri-adi müsabiqə təşkil etdi

“Əl-Nəsr”in ulduzu Kristiano Ronaldo və keçmiş UFC çempionu, irland MMA döyüşçüsü Konor Makqreqor Ər-Riyadda boks gecəsinin qonağı olublar.

Arena.az məlumat verir ki, boks gecəsi başa çatdıqdan sonra portuqal hücumçu özünün sosial şəbəkə hesabı üzərindən irland döyüşçü ilə fotosunu paylaşıb.

Ronaldo Makqreqorla birlikdə qəhqəhə çəkdiyi şəkli “Fotoşəklin imzası üçün ən yaxşı fikir qalib gələcək” sözləri ilə şərh edib.

Xatırladaq ki, boks gecəsinin əsas döyüşündə ingilis boksçu Entoni Coşua və isveçli boksçu Otto Vallin qarşılaşıblar. Coşua 5-ci raundun əvvəlində Vallini məğlub edib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal hücumçunun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 23 oyuna çıxıb. O, bu oyunlarda 21 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib. Təcrübəli hücumçu bu oyunlarda 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: