Cim Retkliff: “Mən bu məsuliyyətə çox ciddi yanaşıram”

INEOS şirkətinin sədri Ser Cim Retkliff, “Mançester Yunayted”in 25% səhm payını aldıqdan sonra klubun MUST təşkilatına müraciət edib.

Arena.az xatırladır ki, “Mançester Yunayted” Tərəfdarlar Tresti (MUST – Manchester United Supporters Trust) qeyri-kommersiya təşkilatıdır və klubun qərar qəbuletmə prosesində böyük azarkeş təsiri üzərində çalışır.

Jurnalist Ben Ceykobsa istinadən Retklifin müraciətini diqqətinizə çatdırırıq:

“Hörmətli MUST.

Azarkeşlərin “Mançester Yunayted”in gələcəyində oynadığı həlledici rolu nəzərə alaraq, bu zaman sizə yazmaq istədim. Biz klubun qəyyumları kimi öz məsuliyyətimizi dərk edirik.

İnanıram ki, klubun sahib olduğu şübhəsiz kommersiya uğuruna əlavə olaraq meydanda idman uğurları da əldə edə bilərik. Bunun üçün vaxt və səbr, həmçinin ciddilik və ən yüksək səviyyəli peşəkar idarəetmə tələb ediləcək.

Siz “Mançester Yunayted” üçün iddialısınız və biz də. İdmanda heç bir zəmanət yoxdur və dəyişiklik istər-istəməz vaxt tələb edir, lakin biz uzun müddət üçün bu işin içindəyik və “Mançester Yunayted”i aid olduğu yerə – İngiltərə, Avropa və dünya futbolunun zirvəsinə qaytarmaq üçün birlikdə işləmək istəyirik. Mən bu məsuliyyətə çox ciddi yanaşıram.

Nəzərə alın ki, hər hansı digər sövdə kimi, bu sövdə də tənzimləyici təsdiq prosesinə tabedir, ona görə də sövdə başa çatana qədər klubun işləri haqqında açıq danışmaq niyyətində deyilik”, Cim Retkilff bildirib.

Xatırladaq ki, dekabrın 24-də “Mançester Yunayted” rəsmi saytında INEOS şirkətinin İdarə Heyətinin sədri Cim Retkliffin klubun B sinifli səhmlərinin 25%-ni və A sinifli səhmlərinin 25%-ə qədərini alması ilə bağlı müqavilə bağladığını rəsmən elan edib.

INEOS şirkətinin “Old Trafford”da gələcək sərmayə üçün nəzərdə tutulmuş əlavə 270 milyon avro məbləği təmin edəcəyi də bildirilir.

Xatırladaq ki, İngiltərə nəhəngi hazırda heç də ən yaxşı dövrünü yaşamır. “Qırmızı şeytanlar” cari mövsümdə Çempionlar Liqasında qrup sonuncusu olaraq, avrokuboklarda mübarizəni dayandırıblar. İngiltərə Premyer Liqasının 18 turundan sonra Erik ten Haqın yetirmələri turnir cədvəlində 28 xalla 8-ci pillədə qərarlaşıblar. Ötən il qalibi olduğu Liqa Kubokunda isə bu komanda “Nyukasl”a 0:3 hesabı ilə uduzaraq, turnirdə iştirakına son verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: