Emin Mahmudov və Azər Əliyevdən Miodraq Bojoviç açıqlaması

“Neftçi”nin futbolçuları Emin Mahmudov və Azər Əliyev Miodraq Bojoviçin bu komandaya yeni baş məşqçi təyin olunmasına münasibət bildiriblər.

Arena.az xəbər verir ki, Emin Mahmudov klubun mətbuat xidmətinə açıqlamasında Monteneqrodan olan mütəxəssisi Rusiyadan tanıdığını söyləyib:

“O, “Dinamo”, “Lokomotiv” kimi böyük klublarda, eləcə də digər komandalarda işləyib. Bojoviçin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. İnşallah, onunla işləməyimiz uğurlu alınar. Rusiyada onun çalışdırdığı komandalara qarşı oynamışam deyə, orada tez-tez qarşılaşırdıq. Ümid edirəm ki, Bojoviçlə uğurlu nəticələr qazanacağıq”.

Azər Əliyev də Bojoviçin uğurlu olacağına inandığını bildirib: “Bojoviçin “Neftçi”nin baş məşqçisi olması Azərbaycan, xüsusilə bizim üçün böyük uğurdur. O, Rusiyada böyük təcrübəyə malikdir. Düzdür, birlikdə çalışmamışıq, amma onun rəhbərlik etdiyi komandalara qarşı oynamışam. Bilirəm ki, yaxşı oyun qurur. Bunu Bojoviçin çalışdırdığı bütün komandalarda görmüşəm. Onunla işləmiş futbolçulardan eşitmişəm ki, kollektivə çox yaxşı təsir göstərir, hər kəslə fərdi olaraq çox yaxşı işləyir və komandada əla əhvali-ruhiyyə yaradır. Buna görə də kollektiv şəkildə görülən işin nəticəsini görmək üçün əlimizdən gələni edəcəyik. Bir araya gəlib işləməyə başlayacağımız günü səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Miodraq Bojoviç “Neftçi” ilə ilyarımlıq müqavilə bağlayıb. O, bu postda rumıniyalı Adrian Mutunu əvəzləyib. Monteneqrolu mütəxəssis paytaxt klubundakı işinə yanvar ayının əvvəlində start veriləcək təlim-məşq toplanışında başlayacaq.

“Neftçi” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk iki dövrəsindən sonra 28 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: