Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi, rumın mütəxəssis Mirça Luçesku yenidən “Beşiktaş”ın “sükanı arxasına” keçə bilər.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Son günlərdə “qara qartallar”ın Covanni van Bronkhorstla anlaşmağa çox yaxın olduğu bildirilirdi. Lakin son məlumata görə, Niderlanddan olan 48 yaşlı mütəxəssislə yekun görüşdə razılıq əldə olunmayıb. Bu üzdən də klub rəhbərliyi hazırda bütün diqqətini İstanbul təmsilçisinin sabiq baş məşqçisi Mirça Luçeskuya yönəldib. Hətta komandanın baş koordinatoru Samet Aybabanın Luçesku ilə görüşmək üçün Rumıniyaya yollandığı qeyd edilir. Luçesku isə hazırda keçmiş komandasına dönməyə tərəddüd edir. O, ən azı yaya qədər gözləmək fikrindədir. Lakin təcrübəli mütəxəssis bir neçə gün öncə “Beşiktaş” haqqında suala belə cavab vermişdi: “Beşiktaş”ı çalışdıracağammı? Mən bütün seçimləri qiymətləndirirəm”.
“Beşiktaş”ın futbol şöbəsinin rəhbəri Feyyaz Uçar da yeni baş məşqçinin ən qısa zamanda elan olunacağını bildirib: “Hədəfimiz “Rizəspor”la oyuna yeni baş məşqçimizlə çıxmaqdır. Təqvim və fasilənin qısa olması bizi çətin vəziyyətə qoydu. “Rizəspor”la oyunda olmasa belə, bir sonrakı oyuna yeni baş məşqçimizlə çıxacağıq”.
“Beşiktaş” Super Liqanın 16-cı turu çərçivəsində baş tutacaq “Rizəspor”la səfər oyununa yanvarın 9-da çıxacaq. İstanbul təmsilçisinin sonrakı oyunu isə ayın 13-də “Fatih Karagümrük”ə qarşı olacaq.
Luçesku “Beşiktaş”a yubileyində çempionluq sevinci yaşatmışdı
Xatırladaq ki, Mirça Luçesku 2002-ci ilin iyul ayından 2004-cü ilin may ayına qədər məhz “Beşiktaş”da baş məşqçi kimi çalışıb. Həmin vaxt o, “qara qartallar”ı 89 oyuna (53 qələbə, 19 heç-heçə, 17 məğlubiyyət) çıxarıb və bu kluba 100-cü ildönümündə çempionluq sevinci yaşadıb.
Luçeskunun sonuncu iş yeri Kiyev “Dinamo”su olub. O, ötən ilin noyabrında Ukrayna klubundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin görünən odur ki, qısa istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlib.
Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Təcrübəli mütəxəssis bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu uğurla çalışdırıb. Rumın mütəxəssis “şaxtaçılar”a 8 dəfə Ukrayna çempionluğunu, 2009-cu ildə isə UEFA Kubokunu qazandırıb.
Luçesku zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasını, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı çalışdırıb. Luçesku UEFA Çempionlar Liqasında qazandığı qələbələrin sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçilik karyerası ərzində 35 qənimət qazanmış Luçeskunu bu göstəricidə yalnız Aleks Ferqyuson və Xosep Qvardiola qabaqlayırlar.
Bahar Rüstəmzadə


