21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Sabah”ın yarımmüdafiəçisi Camal Cəfərov “Kəpəz”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidmdəti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən klub “Sabah”dan Camal Cəfərovu icarəyə götürüb. Yarımmüdafiəçi mövsümün sonuna kimi bu komandada çıxış edəcək.
“Kəpəz” daha öncə “Səbail”in hücumçusu Amil Yunanovu da bu mövsümün sonuna kimi icarəyə götürdüyünü açıqlamışdı.
Bu qış fasiləsində Aleksey İsayev (“Qarabağ”) və Ceyhun Nuriyevlə (“Zirə”) vidalaşmış “Sabah” isə İldar Ələkbərovu da “Araz-Naxçıvan”ı icarəyə verib.
Xatırladaq ki, Camal Cəfərov 2020-ci ilin iyul ayında Rusiyanın “Anji” klubundan azad agent kimi “Sabah”ın əvəzedici komandasına gəlib. Hazırda 21 yaşı olan futbolçu 2021-ci ildən paytaxt klubunun əsas komandasında forma geyinir. O, indiyə qədər “bayquşlar”ın heyətində 23 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc futbolçu 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.


