“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klubun “Youtube” telekanalına açıqlama verib, komandanın hazırkı durumu barədə danışıb.
Arena.az xəbər verir ki, o, hazırda Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışını belə dəyərləndirib:
“Gözümə ilk dəyən komandadakı pozitiv ab-hava idi. Bunu çoxdandır ki, görmürdüm. Komanda birlik olmuşdu. Bu ab-hava çox xoş idi. Əmin oldum ki, fasilə zamanı futbolçular öz ailələri ilə kifayət qədər vaxt keçiriblər. Ona görə də komandaya yaxşı əhval-ruhiyyə ilə qayıdıblar. Çətin bir il idi. Bu çətinliklərə baxmayaraq, Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşmışıq. Mövsümün qalan hissəsində mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklarda iştirak etməkdir. Gərgin mübarizəyə hazır olmalıyıq. İnanıram ki, yaxşı olacaq”.
O, klubun transfer planları haqqında da danışıb. Mahmudov artıq iki hücumçuya təklif göndərdiklərini deyib: “Yeni ildə yeni baş məşqçidən əlavə, buraya artıq yeni məşqçilər heyəti də gəlib. Yeni qapıçılar üzrə məşqçimiz də buradadır, Emil Babayev bizə qoşuldu. İdman Departamentimiz əllidən çox oyunçuya baxış keçirib, beş futbolçuya fokuslanıb. Artıq iki futbolçuya təklif göndərilib, cavab gözləyirik. Hər iki oyunçu hücumçudur. Təəssüf ki, hazırda onların adlarını deyə bilmərəm”.
Fərrux Mahmudov sonda komandadan gözləntilərini də bölüşüb: “Həm bir azarkeş kimi, həm də klubun rəhbəri kimi komandadan ancaq qələbə gözləyirəm. Qələbədən başqa, əzmkar bir oyun istəyirəm. Meydançaya ruhlarını qoysunlar”.
Xatırladaq ki, “Neftçi” Türkiyə toplanışı çərçivəsindəki ilk yoxlama oyununda yerli “Ərzurumspor”a 1:3 hesabıyla məğlub olub.


