“Səbail”in baş məşqçisi Şahin Diniyev Türkiyədə Rumıniyanın “Universitatya” (Kluj) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, Antalya şəhərində baş tutan sınaq matçı qolsuz yekunlaşıb.
Şahin Diniyev 0:0 hesabıyla bitən qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Yanvarın 5-dən başladığımız təlim-məşq toplanışında gündə iki dəfə olmaqla ağır məşqlər keçirirdik. O üzdən də bu oyun bizim üçün nəticə baxımından önəmli deyildi. Komandanın funksional hazırlığını görmək istəyirdim. Birinci oyun olsa da, bəzi futbolçuları 90 dəqiqə oynatmaq məcburiyyətində qaldıq. Bu, daha çox kadr kasadlığından irəli gələn bir hal idi. Amma komanda öz xarakterini göstərdi. Futbolçularımız taktiki cəhətdən çox ağıllı futbol oynadılar. Ən başlıcası, funksional hazırlığın da yerində olduğunu gördük. Futbolçular düzgün hazırlıq keçdiyimizi bir daha sübut etdilər. Düz yolda olduğumuzu düşünürəm. Rumıniya komandasının iki fərqli heyətinə qarşı o tempi saxlaya bildiklərinə görə də hər bir futbolçumuza təşəkkür edirəm”.
Xatırladaq ki, “Səbail” Türkiyədəki ikinci yoxlama matçında “Fakel”lə qarşılaşacaq. Rusiya Premyer Liqa təmsilçisi ilə görüş yanvarın 15-də baş tutacaq. “Dənizçilərin Antalya toplanışına yanvarın 17-də yekun vurulacaq.


