Klesio Bauk Afrika Millətlər Kubokunda Misirə qol vurdu – Video

“Qəbələ”nin köhnə-yeni futbolçusu Klesio Bauk Mozambik milli komandasının heyətində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar”ın bu il heyətinə qaytardığı 29 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunda meydana çıxıb.

Bauk Kot-d’İvuarda təşkil olunmuş sayca 34-cü Afrika Millətlər Kubokunun qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutan Misirlə görüşün ikinci hissəsində oyuna daxil olub. Klesio 58-ci dəqiqədə vurduğu qolla komandasını hesabda önə çıxarıb – 2:1. Lakin rəqib komanda Məhəmməd Salahın 90+7-ci dəqiqədə vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdirib – 2:2.

Qeyd edək ki, bu, Baukun Mozambik millisində 50-ci matçı olub. O, yığmada 9-cu qoluna imza atıb.

Mozambik və Misir millilərinin yer aldığı B qrupunda Kabo-Verde ilə Qana yığmaları da mübarizə aparır. Mozambiklilər qrup mərhələsinin 2-ci turu çərçivəsində yanvarın 19-da Kabo-Verde millisi ilə üz-üzə gələcəklər. Hansı ki, bu komandanın heyətində də “Qarabağ”ın formasını geyinən yarımmüdafiəçi Patrik Andrade çıxış edir.

Sol cinah vingeri olan Klesio Bauk sabiq klubu “Qəbələ” ilə yanvarın 9-da 2,5 illik müqavilə imzalayıb. O, 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib. Bauk “qırmızı-qara” forma ilə 22 oyunda 3 qol vurub, 4 məhsuldar verib. O, Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.

Klesio Azərbaycanda “Zirə”nin də uğurları üçün çalışıb. O, 2020/2021 mövsümündə paytaxt klubunun heyətində 32 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Futbolçu karyerasına “Ferroviariu” klubunda başlamış Klesio “Benfika” (2012-2013), “Benfika B” (2013-2016), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-2018), “İstanbulspor” (2018-2019), “Maritimo” (2021-2023), “Maritimo B” (2021) və “Honka” (2023) klublarının şərəfini qoruyub. Bauk “Honka”dan ötən ayın sonunda azad agent kimi ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: