“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Azərbaycan klubundan qovulmadığını, əksinə öz istəyi ilə postundan ayrıldığını bəyan edib.
Arena.az xəbər verir ki, o, “digisport.ro” nəşrinə müsahibəsində bunları söyləyib:
“Mən yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, çətin olan vaxtda məni qovublar. Amma belə deyil, belə olmayıb. Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim. Onda futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim. Mən qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Həmin gün dərhal getmişdim”.
Yeri gəlmişkən, Mutu “Neftçi”nin italiyalı hücumçu ilə güclənə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, “ağ-qaralar” Rumıniyanın “Styaua” klubunun futbolçusu Andrea Kompanyo ilə maraqlanır.
Gənc mütəxəssis hələ “Neftçi”də olarkən italiyalı hücumçunu yanına gətirmək istədiyini etiraf edib. Mutunun sözlərinə görə, “ağ-qaralar” yenidən onunla əlaqə saxlayaraq, Kompanyo ilə bağlı məsləhət alıblar.
“Styaua”nın sahibi Cici Bekali də 27 yaşlı forvardı qış transfer dönəmində satacaqlarını etiraf edib: “Kompanyo üçün 400 min avroluq təklif aldım. Düşünürəm ki, onu satacağam”.
Xatırladaq ki, “Styaua” Andrea Kompanyonu 2022-ci ilin yayında “Universitatya” (Krayova) klubundan 1,5 milyon avroya transfer edib. İtalyan futbolçu bu komandada 54 oyuna çıxıb, 20 qola imza atıb. O, karyerası ərizndə “Tre Fiori”, “Pinerolo”, “Kataniya”, “Argentina”, “Nuorese”, “Borqosesia”, “Due Torri” kimi klublarda da forma geyinib.
Sonda onu da qeyd edək ki, Adrian Mutu ilə “Neftçi” arasındakı müqaviləyə 2023-cü il dekabrın 24-də xitam verilib. Paytaxt klubu onun əvəzində Monteneqrodan olan Miodraq Bojoviçlə müqavilə bağlayıb.


