Özbəkistan Dövlət Əmlaklarının İdarə Edilməsi Agentliyi “Paxtakor” futbol klubunun satışı ilə bağlı proseduru müvəqqəti olaraq dayandırıb.
Arena.az bu barədə Özbəkistan Respublikasının Dövlət Əmlaklarının İdarə Edilməsi Agentliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, Özbəkistan ən məşhur futbol klubu bir neçə öncə satışa çıxarılmışdı. Bildirilmişdi ki, Asiya Futbol Konfederasiyasının futbol klublarının dövlət qurumlarının mülkiyyətində olmasının sağlam rəqabət mühitinə maneə törətməsi barədə bəyanatından sonra Özbəkistan prezidenti bununla bağlı fərman imzalayıb.
Yanvarın 16-da Daşkənd şəhər administrasiyasına məxsus klubun aktivlərinin açıq tenderə çıxarılması prosesinə başlanılmışdı. Potensial alıcı klubla birlikdə ona məxsus bütün əmlaklara sahiblənəcəkdi.
Lakin cəmi bir neçə gün sonra bu satışla bağlı fərqli qərar qəbul olunub. “Ötən dövr ərzində ictimai rəyi öyrənərək bildiririk ki, “Paxtakor” klubunun dövlət payının 100%-i üçün açıq tender prosesləri müvəqqəti olaraq dayandırılıb”, – deyə agentliyin rəsmi saytında bildirilir.
“Paxtakor” 1956-cı il aprelin 8-də yaradılıb. SSRİ dönəmində də Özbəkistanın futbol flaqmanı olan Daşkənd komandası ölkənin ən məşhur klublarından biridir. Bu komanda 15 dəfə Özbəkistan çempionu, 13 dəfə Özbəkistan Kubokunun, 1 dəfə Özbəkistan Super Kubokunun qalibi olub.
Vurğulayaq ki, hazırda klubun səhmlərinin 100%-i dövlətə məxsusdur.


