Ozan Can Kökçü “Roda”ya qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 21-ci turundan təxirə salınmış “Roda” ilə oyunun iştirakçısı olub.

“Eyndhoven” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olmuş Kökçü bu dəfə fərqlənə bilməyib. O, yalnız 61-ci dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.

“Eyndhoven” cari mövsümdə qazandığı 30 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 61 oyuna çıxıb, 13 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: