“Kəpəz”in müdafiəçisi Vüsal Məsimov Premyer Liqanın 20-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu rəqiblərini Qəbələ şəhər stadionunda qəbul etmələrinə baxmayaraq, azarkeşlərin onlara dəstək verdiklərini bildirib:
“Qarabağ”la matça çox yaxşı hazırlaşırıq. Onların gücü hər kəsə bəllidir, çempionatda liderlik edirlər. Buna baxmayaraq, meydana xal qazanmaq üçün çıxacağıq. “Qarabağ”a öz gücümüzü göstərməyə çalışacağıq.
Düzdür, “doğma divarlar” arasında oynamayacağıq. Ancaq azarkeşlərimiz Qəbələdə də bizi tək qoymurlar. Xüsusən ev matçlarında maksimum xal toplamağa çalışacağıq”.
Məsimov eyni stadionda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri 19-cu turun görüşünü də dəyərləndirib: “Ağır oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də keçdi. Çünki Qərb derbisi həmişə azarkeş və atmosfer baxımından ağır olur. Qələbə qazandığımız üçün çox sevincliyik”.
Xatırladaq ki, Vüsal Məsimov “Qəbələ”nin yetirməsidir. Sol cinah müdafiəçisi “Kəpəz”dən öncə “Turan Tovuz”un da uğurları üçün çalışıb. O, Gəncə klubunun heyətində indiyə qədər 15 oyuna çıxıb, 2 qola imza atıb. Məsimov vaxtilə Azərbaycanın U-19 yığmasında da oynayıb.
Qeyd edək ki, yanvarın 27-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununa saat 15:00-da start veriləcək. Gəncə klubu 19 turdan sonra 17 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Məsimovun komandası 19 oyuna 4 qələbə qazanıb, 5 heç-heçə edib və 10 məğlubuyyətə üzülüb. Ağdam təmsilçisi isə 44 xalla Premyer Liqanın vahid lideridir – 14 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət.


