“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 20-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Çox mübarizəli matç keçdi. “Zirə” ilə bütün oyunlarımız belə alınır. İkinci yarıda 10 nəfərlə oynasaq da, intizamlı çıxış etdik. Şadam ki, bu cür vacib qol vurduq. Bizim üçün çox vacib qələbə oldu.
İlk hissədə çox səhvlər var idi. Yalnız bir qol epizodumuz var idi. Topa yaxşı nəzarət edə bilmirdik. İkinci yarıda intizamlı oynamaqdan başqa çıxış yolumuz yox idi. Ümidimizi sürətli əks-hücumlara bağlamışdıq. Nəticəyə baxmayaraq, uşaqlara təşəkkür edirəm ki, sona qədər oynadıq. Qola da layiq idik.
Nicat Mehbalıyev artıq komandanın əsas qapıçısıdır, hazırda bir nömrədir. Ona təriflər etmək istəmirəm. O, bugünkü qələbədə böyük pay sahibidir. Sakitləşək. İki oyunu yaxşı oynayıb. Artırmalıdır”.
Murad Musayev növbəti dəfə hakimlikdən şikayətlənib: “Zirə” hakimlikdən narazıdır? Mən də çox şeydən narazıyam. Elvin Camalovun, Emmanuel Apehin qovulmasından. Oyunun gedişində belə qırmızılar ola bilər. İmkan versinlər, 11-11-ə oynayaq. Hər oyundan sonra məşqçilərin hakimlərdən narazı qalması yaxşı deyil”.
“Hakimlər hər dəfə təəcübləndirirlər” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da uduzduqları oyunu şərh edib, hakimliklə bağlı fikirlərini bölüşüb:
“Oyunla bağlı danışacaq çox şey yoxdur. Futbolçularımı təbrik edirəm. Əla oynadılar. “Sabah”a qarşı oynamaq çox çətindir. Qol epizodlarımız var idi. Top son zamanlar qapıdan keçmək istəmir. Səbirli olub, bunun üzərində işləyib, daha da yaxşılaşdırmaq lazımdır.
Hakim səhvlərinə görə yavaş-yavaş məcbur olub, məşqçidən çox ekspertə çevrilirik. Hər oyundan sonra sanki veriliş gedir, hakim səhvlərini müzakirə edirik. Epizoda baxdım. “Sabah”ın qapısına korner verilməli idi. Yaxşı, tutaq ki, istəmirsən. Heç-heçə hakim üçün ən yaxşı nəticə idi. Ki, daha az narazılıq olsun. Korneri vermirsən. 90+7-ci dəqiqə gedir, heç olmasa oyunu bitir də. Nəyi gözləyirsən? Niyə bitirmisən? Ona qədər epizodlar çox idi. Birinci yarıda “Sabah”la matçda qırmızı vərəqə epizodu var idi. O da VAR-dan kömək gəlməli idi. Vladislav Kulaçın epizodunu deyirəm. Azarkeşlər, futbol ictimaiyyəti bilmir ki, “Qarabağ”la matçda iki qırmızı vərəqə epizodunda susan VAR hakimi Rauf Cabbarov idi. Baş hakim görmədi, sən də görmədin? Bu gün isə turun mərkəzi oyununu idarə etdi. Hamımıza psixoloji cəhətdən təsir edir. Oyundan qabaq da bu haqda söhbət etdik. Hakimlikdən çox şey gözləmirdim. Eldar Quliyevin bu gün qulağı yoxsa, teli qabaqda idi? Hər dəfə deyirəm ki, yəqin bundan o tərəfə nəsə olmayacaq. Amma hər dəfə təəcübləndirirlər. Taleyimə belə yazılıb. Məşqçiliyə ilk başladığım gündən necə gedirsə, belə davam edir. Dəyişən heç nə yoxdur. Konfrans Liqasına düşə bilərik. Olmaz! Bunlar Qurban Qurbanov üçün də var idi. Amma “Qarabağ” indi elə səviyyədədir ki, bunlar yoxdur. Rəşada olmaz. Qurban Qurbanov və Rəşad Sadıqova Azərbaycan futbolunda irəli getmək olmaz. Bunları canlı yaşayırıq da.
Niyə başqa oyunlarda olmur? Ad çəkməyim. “Zirə” nəticə verməməlidir. Hakim səhvi olmasaydı, “Zirə” üç il avrokuboklarda oynayacaqdı. Hakim səhvləri başqa oyunlarda da olsun. Bizim matçlarda xeyrimizə səhv olsun, çıxıb üzrxahlıq edərəm”.


