Ramazanov: “Musayev daim hakimlərlə dava-qırğında idi”

Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanov Murad Musayevin “Sabah”ın baş məşqçi postundan ayrılmasına münasibət bildirib.

Veteran futbolçu Arena.az saytına açıqlamasında rusiyalı mütəxəssisin istefası ilə bağlı bunları söyləyib:

“Murad Musayev bizə vəd verən legioner məşqçilər kimi yadda qaldı. Nə zaman baxırdın, bu məşqçi elə hakimlərlə dava-qırğın edirdi, nəyisə hay-küy ilə izah etmək istəyirdi. Adam işi ilə özünü göstərməlidir”.

Zaur Ramazanov “Sabah”ın yenidən əcnəbi mütəxəssisə tapşırılmasını məqsədəuyğun saymır: “Məncə, yerli məşqçi olsa, daha yaxşı olar. Bizim klublarda yerli məşqçilər nəticə göstərirlər”.

Xatırladaq ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”dan alınan 1:7 hesablı məğlubiyyət “Sabah”ın baş məşqçisi Murad Musayevin postundan getməsinə səbəb oldu. Ötən gün rusiyalı mütəxəssisin istefasını açıqlayan paytaxt klubu hazırda yeni baş məşqçi axtarışındadır. Komandanı Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutacaq “Turan Tovuz”la ev oyununa İqor Ponomaryov çıxaracaq. O, “Sabah”ın həm Müşahidə Şurasının üzvüdür, həm də idman direktorudur.

Nahid Məmmədov

Xəbəri sosial şəbəkələrdə paylaş: