Rövlan Muradov: “Qələbədən sonra motivasiyamız daha da artıb”

“Sumqayıt”ın müdafiəçisi Rövlan Muradov Premyer Liqanın 21-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.

25 yaşlı futbolçu 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra Arena.az saytının əməkdaşının da suallarını cavablandırıb:

  • Oyun haqda təəssüratlarınız necədir?
  • Yenilənmiş stadionda ilk matç idi. İlk dəfə meydana çıxdığımız üçün sevincliydik. Ağır oyun idi. Azərbaycan futbolunun “flaqman”ına qarşı oynayırdıq. Azarkeşlərimizə təşəkkür edirik ki, möhtəşəm atmosfer yaratdılar.
  • Yeni stadiondakı ilk oyunla bağlı fikirləriniz necədir?
  • Oyundan əvvəlki məşq zamanı artıq stadionun dolu olacağını bilirdik. Məşq zamanı özümüzə deyirdik ki, bu azarkeşləri küsdürmək olmaz, mütləq qələbə qazanmalıyıq. Şükürlər olsun ki, qələbə qazandıq.
  • Oyundan əvvəl mükafat söz vermişdilər?
  • Bizə bu barədə heç bir şey deməyiblər. Sadəcə, icra başçısı bizi təbrik etdi. Komanda adından təşəkkür edirəm. Riyad müəllim də bizi təbrik etdi. Bundan sonra da bizi burada daha yaxşı oyunlar gözləyir. Ümid edirəm ki, daha yaxşı nəticələr qazana bilərik.
  • Açılışla əlaqədar böyük anşlaq var idi. Necə düşünürsüz, bunun ardı olacaq, ya növbəti oyunlarda boş tribuna görəcəyik?
  • Bu cür qalibiyyətdən sonra düşünürəm ki, qələbələrimiz daha da artsa, azarkeşlərimiz gəlib dəstək olarlar.
  • “Neftçi” ilə kubok matçındakı nəticə bu oyuna necə təsir göstərdi?
  • Kubok oyununun ilk hissəsində üç qol buraxdıq. Demək olar ki, üçünü də biz özümüz hədiyyə etdik. Sonadək mübarizə aparıb, iki qol vurduq. Düşünürəm ki, daha çox qol vura bilərdik. Bu qələbədən sonra motivasiyamız daha da artıb. Cavab görüşündən qələbə ilə ayrıla bilərik.
  • Millinin mart ayındakı toplanışına dəvət gözləyirsiniz?
  • Hər bir oyuna maksimum hazırlaşıram. Ümid edirəm ki, belə oyunun ardını gətirsəm, gələcək toplanışa çağırıla bilərəm.

Xatırladaq ki, Rövlan Muradov “Neftçi” ilə oyunda 90 dəqiqədə meydanda olub. Onun komandası bu qələbədən sonra 34 xalla Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Nahid Məmmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: