“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri cavab matçından (ilk oyun 2:1) sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm. İlk növbədə Qismət Alıyevə təşəkkür etmək istəyirəm, ağır günlərində komandanın yanında oldu, oynadı. Onu oynatmaq planda yox idi. Sadəcə, ikinci hissənin 60-cı dəqiqəsindən sonra rəqib o cinahda çox aktiv idi. Özü də oynamağa razılıq verdi, oynadı. Ondan sonra o cinahdakı problemimiz həll edildi. Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq. Bu mövsüm ilk oyunumuzdur ki, üç top fərqi ilə qalib gəldik. Son vuruşları, ötürmələri daha dəqiq etdik deyə, inamlı qələbə qazandıq”.
Rəşad Sadıqov Davit Volkovun yenidən “Zirə”yə qayıdacağı barədə xəbərləri də şərh edib: “İki klub arasında danışıq olub. Biz qarşı tərəfdən cavab gözləyirik. Bu gün 12-yə qədər vaxtımız var. İstəyərdik ki, onu heyətimizdə görək. Ceyhun Nuriyev və Rafael Utziq istədiyimiz səviyyəyə çatıblar. Onlar hücumumuzu gücləndiriblər”.
“Zirə”nin çalışdırıcısı kuboku qazanmaq və avrokuboklara vəsiqə qazanmaq şansları barədə də danışıb:
“Görünən odur ki, hər iki tərəfdə güclü rəqabət gedir. Yarmfinala çıxdıq, işimiz daha çətindir. Geniş heyətimiz olsa, daha yaxşıdır. İtkilərdən əziyyət çəkirik. 5-6 oyunçunun xidmətindən məhrumuq. Vladislav Kulaç dünən məşqdə zədələndi. Qarşıdakı oyunlara köklənəcəyik. “Araz-Naxçıvan” və “Qəbələ” ilə oyunlarımız gərgin keçib. Hansı yarımfinala çıxsa, hər iki komanda iddialı olacaq. Mərhələnin həlli rəqib meydançasında olacaq. Hazırda məcburuq ki, kuboku kənara buraxıb, “Sumqayıt” və “Neftçi” ilə oyunları düşünək”.
“Zirə” bu gün mərkəzi keçə bilmirdi” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə kubokdakı uğursuzluğu belə şərh edib:
“Zirə”ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bunu qəbul etmək lazımdır. Bunlardan dərs çıxarmalıyıq. Oyunun qırılma nöqtəsi 3-cü dəqiqə oldu – təsadüfi və sadə qol buraxdıq. Taktiki sistem ondan sonra qırıldı. Mütləq irəli getməliydik. Təmkinlə yox, emosiyalarla irəli getdik. Bir oyunda bu qədər qol epizodu yaratmağımız yadıma gəlmir. Bir qol vursaydıq, bəlkə vəziyyəti dəyişərdik. Hücumda oynamağa çalışdıq. Rəşad Sadıqov düzgün taktika quraraq, bizi əks-hücumlarda tutdu. 3-cü dəqiqədə buraxıaln qol planları pozdu. Futbolçular istəkli idi. Bu qədər epizoddan istifadə etməmək nəticəyə təsir edir. Çempionata köklənməliyik. Finala qədər getsəydik də, çətin olacaqdı. Deməzdim ki, kuboku çempionat qurban verdik. Kubokda da oynamaq istəyirdik. Alınmadı. Yeni oyunçular tam adaptasiya olmasalar da, keyfiyyətli oyunçulardır. Çox bəsit qollar buraxırıq. Müdafiədə çox pis oynayırıq. “Qarabağ”la oyuna baxıram, müdafiədə çox yaxşı idik. Məcburiyyətdən irəli getdik. Fərdi səhvlər çox idi. Futbolçuların üstünə də getmək olmaz. Onlara dəstək olmalıyıq. Günahkar mənəm, futbolçuların arxasındayam. Komanda uduzubsa, məsuliyyət məndədir. Yıxılmamışıq. Komandamın oyunu və sistemi var. “Zirə” bu gün mərkəzi keçə bilmirdi. Futbolçuların işə yanaşmasına görə də, auramı korlamıram. Çempionatın əvvəlində üç oyundan sonra 1 xalımız var idi. Bomba bir yerə iki dəfə düşmür. Amma yenə düşə bilər. Zədəlilərimiz oldu. Çempionatın üç oyunundan sonra yenə bir xalımız var. Komandada hələ çox şeylər görəcəksiz. Düz yoldayıq”.


