“Qarabağ”ın futbolçuları Avroliqanın rəmzi yığmasında – Foto

“Qarabağ”ın futbolçuları – Andrey Lunyov, Marko Yankoviç və Abdullah Zubir Avropa Liqasının rəmzi yığmasında yer alıblar.

Arena.az məlumat verir ki, müvafiq rəmzi yığma “Sofascore”un seçiminə görə tərtib edilib.

Rəmzi komanda yarışın 1/16 final mərhələsinin ilk oyun günündə futbolçuların nümayiş etdirdiyi səmərə əsasında tərtib edilib.

Xatırladaq ki, “Qarabağ” səfərdə Portuqaliya təmsilçisi “Braqa”nı 4:2 hesabı ilə məğlub edib.

Qapıçı Andrey Lunyov nümayiş etdirdiyi oyun müqabilində rəmzi yığmada 7,9 reytinq balı alıb. Mərkəz yarımmüdafiəçisi Marko Yankoviç siyahıya 8,0 reytinq balı ilə düşə bilib. Sol cinah vingeri Abdullah Zubir isə onlardan da çox – 9,0 balla buna nail olub. “Braqa” ilə oyunda dubla imza atmaqla möhtəşəm qələbədə əsas pay sahiblərindən birinə çevrilən futbolçu rəmzi yığmada yalnız Anxel Di Mariyadan az bal toplayıb.

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyun gününün nəticələrinə görə ən yüksək reytinq ballarını məhz “Benfika”nın argentinalı sağ vingeri Anxel Di Mariya (9,5 bal) və “Qarabağ”ın mərakeşəsilli fransalı sol vingeri Abdullah Zubir (9,0 bal) alıblar.

Xatırladaq ki, “Qarabağ” cavab oyunu çərçivəsində “Braqa”nı fevralın 22-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: