İngiltərənin “Mançester Yunayted” klubunun sol cinah müdafiəçisi Luk Şou uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az xəbər verir ki, 28 yaşlı ingilis futbolçu Premyer Liqanın 25-ci turunda baş tutan “Luton Taun”la oyunda (2:1) əzələsindən zədə alıb.
Klub bununla bağlı rəsmi saytında açıqlama yayıb: “Zədənin nə dərəcədə ciddi olduğunu müəyyən etmək üçün əlavə qiymətləndirmə hələ də lazımdır. Lakin biz onun bir neçə ay yaşıl meydanlardan kənarda qalacağını gözləyirik”.
Qeyd edək ki, Şou bu mövsüm ikinci dəfədir zədə alır. Müdafiəçi Premyer Liqanın 2-ci turunun “Tottenhem”lə oyununda aldığı zədə səbəbindən 3 aya yaxın oynamamışdı.
Luk Şou “Sauthempton”un yetirməsidir. O, 2011-2014-cü illər aralığında bu komandanın heyətində 67 oyunda 2 məhsuldar ötürmə müəllifi olub. İngiltərədən olan mərkəz müdafiəçisi 2014-cü ilin iyul ayında 37.5 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunub. O, həmin vaxtdan bəri “qırmızı şeytanlar”ın heyətində 275 matça çıxıb. Müdafiəçi bu görüşlərdə 4 qol vurub və 29 məhsuldar ötürmə müəllifi olub.
Şou İngiltərə millisinin də üzvüdür. O, 2014-cü ildən oynadığı əsas millidə 31 oyuna çıxıb, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı Luk Şounun transfer dəyərini 38 milyon avro məbləğində qiymətləndirir.


