Alman Futbol Liqasının (DFL) sədri Hans-Yoaxim Vatske, azarkeş tətilləri səbəbindən təşkilatın kənar sərmayəçiləri tərk etdiyini bildirib.
Arena.az Alman Futbol Liqasının rəsmi saytına istinadən, Vatskenin bu barədə sözlərini təqdim edir:
“Mövcud hadisələri nəzərə alsaq, prosesin uğurla davam etdirilməsi artıq mümkün görünmür. Böyük əksəriyyətin biznes nöqteyi-nəzərindən strateji tərəfdaşlıqlara ehtiyacı dəstəkləməsinə rəğmən, Almaniya peşəkar futbolu təkcə klublar arasında liqa assosiasiyası daxilində deyil, həm də bəzi hallarda oyunların keçirilməsini getdikcə daha çox təhlükə altına alan, peşəkarlar arasında klublar daxilində ciddi mübahisələrə səbəb olan, məşqçilər, rəsmi şəxslər, nəzarət orqanları, üzv assosiasiyalar və tərəfdar icmaları arasında ciddi mübahisələr doğuran mühüm sınaqlardan keçir.
36 klubun maliyyələşdirilməsi baxımından müqavilənin uğurla bağlanması artıq təmin edilə bilməz”, deyə DFL rəsmisi vurğulayıb.
Vurğulayaq ki, alman azarkeşlərin əsas tələbi Səudiyyə Ərəbistanından olan sərmayəçilərin alman futboluna gəlməsinə qarşı yönəlmişdi. Futbol azarkeşləri etiraz tədbirləri çərçivəsində müxtəlif “yaradıcılığa” əl atıblar. Çempionat oyunlarında tribunalardan meydana tennis topları və müxtəlif əşyalar atmaq, radio ilə idarə edilən avtomobillərə və təyyarələrə tüstü bombacıqları quraşdıraraq meydana göndərmək bu qəbildən olan hadisələrdir. Bir tədbirdə isə alman tərəfdarlar meydanda qapı toruna qıfıllar bənd etmişdilər. Bu hoqqanın öhdəsindən gəlmək üçün dəmirkəsən alətlə qıfılları doğramaq lazım gəlmişdi. Bir sözlə, alman azarkeşlər tələblərinə həmrəy mübarizələri ilə nəhayət nail olublar.


