“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Mançester Yunayted”in ortaq sahibi Cim Retklifə cavab verib.
Arena.az xatırladır ki, daha əvvəl Retkliff “qırmızı şeytanlar”ın “Mançester Siti” və “Liverpul”dan öyrənməli çox şey olduğunu, amma bu komandaları İngiltərə futbolunun zirvəsindən silmək istədiyini bildirmişdi:
“Son 11 ildə “Mançester Yunayted”də çox məşqçi dəyişib. Amma durum elədr ki, kimsə uğur qazana bilmədi. Deməli, problem məşqçilərdə deyil, klubdakı mühitdədir. Məşqçini yox, vəziyyəti dəyişməliyik”.
Cim Retkliff azarkeşlərin uzun müddət səbr etməyəcəyini bilir: “Ona görə də öncə 3 illik plan əsasında çalışmalı, komandanı pillə-pillə inkişaf etdirməliyik. Gələn il “Mançester Siti”nin ötən mövsüm “Real”a qarşı oynadığı kimi əla futbol oynayacağımıza söz vermirəm. Amma zamanla ən yaxşısını bacarmalıyıq”.
Klub rəhbəri “Mançester Siti”nin qalmaqallara görə cəzalanmasını istəmədəyini də vurğulayıb: “Maliyyə pozuntularına görə suçlamalardan xəbərdaram. Əzəli rəqibimizin bu şəkildə sıradan çıxmasını arzulamıram. Onlar meydanda əzmək istəyirəm”.

Qvardiola Retklifin bu sözlərinə belə münasibət bildirib:
“Biz digər komandalardan aşağıda yer alanda, onlara heyran idim. Özüm özümdən soruşurdum: “Onlara meydan oxumaq və bərabər olmaq üçün nə etməliyik?” “Mançester Yunayted” bizi məğlub edəndə biz onlara baxır, heyran olur, onlardan dərs alırdıq. Əminəm ki, Ser Aleks Ferquson və Roy Kin, Devid Bekhem, Rio Ferdinand və Qari Nevill nəslinin dövründə “Mançester Siti” bu komandaya heyran idi. İndi bu yeri biz tutmuşuq. Amma hiss edirəm ki, onlar qayıdacaqlar.
Mənim istədiyim odur ki, “Mançester Yunayted” mümkün qədər yüksəkdə olsun. Qalanları məni narahat etmir. Yalnız Joze Mourinyonun rəhbərliyi altında “Mançester Yunayted” ikinci olub. İllərdir ki, onlar “Liverpul” qədər çempionluğa yaxın deyildilər. Amma bura gəldiyim ilk gündən “Mançester Yunayted”in çempionluq uğrunda mübarizə aparacağını gözləyirdim. Çünki onların tarixi, adət-ənənələri və s. var. Amma bu, baş vermədi. Səbəbini bilmirəm. Məncə, onlar bunu bilirlər. Bu, onların işidir, bizim yox”, deyə “Pep” vurğulayıb.


