Aleksandr Tunçev qovuldu, Cəlal Hüseynov baş məşqçisiz qaldı

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” klubunda baş məşqçi Aleksandr Tunçev istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi ilə baş məşqçi arasında görüş keçirilib. Görüşün yekununda tərəflər yollarını ayırmaqla bağlı qərar qəbul ediblər. Klub Tunçevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Aleksandr Tunçev 2022-ci ilin iyul ayından “Arda”ya rəhbərlik edirdi. 42 yaşlı bolqar mütəxəssis bu komandanı bütövlükdə 64 oyuna çıxarıb. Cəlalın komandası bu görüşlərdə 29 qələbə qazanıb, 14 heç-heçə edib, 21 məğlubiyyətə üzülüb.

“Arda” son olaraq ötən gün Bolqarıstan çempionatının 22-ci turu çərçivəsində Sofiyada “Levski” ilə qarşılaşıb və 0:4 hesablı məğlubiyyətə üzülüb. Bu, komandanın ardıcıl üçüncü məğlubiyyəti olduğu üçün, klub rəhbərliyi baş məşqçi dəyişikliyinə əl atmaq məcburiyyətində qalıb.

“Arda” Bolqarıstan çempionatında 22 turdan sonra 31 xalla 8-ci pillədə qərarlaşıb. Futbolçumuzun komandası növbəti oyununu fevralın 28-də Sofiyanın digər təmsilçisi ÇSKA-ya qarşı keçirəcək. Bu oyun da səfərdə baş tutacaq.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 20 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: