Klesio Bauk və Samuel Tetteh “Qarabağ”la oyunu buraxacaqlar

“Qəbələ”nin legionerləri – Klesio Bauk və Samuel Tetteh Azərbaycan Premyer Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyunu buraxacaqlar.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış “Qarabağ”la oyuna hazırlığı başa vurub. Komanda üzvlərindən Klesio Bauk fərdi məşq edib. Samuel Tetteh bərpa prosesi keçdiyi üçün hazırlıqda iştirak etməyib.

Xatırladaq ki, “Qəbələ” – “Qarabağ” oyunu Ağdam klubunun Avropa Liqasının pley-offunda Portuqaliya “Braqa”sı ilə görüşlərə görə təxirə salınmışdı. Bu komandaların oyunu sabah Qəbələdə baş tutacaq.

Fevralın 28-də baş tutacaq görüş rəqiblər arasında ümumilikdə 76-cı duel olacaq. Komandalar indiyə qədər bütün turnirlərdə 75 dəfə üz-üzə gəliblər.

Bu oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə ediblər, 41 matçdan xalsız ayrılıblar. 57 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 122 top buraxıblar.

Premyer Liqada 61-ci dəfə üz-üzə gələcək komandaların digər 15 dueli ölkə kubokuna təsadüf edib. 10 çempionat oyununda üç xal qazanan “Qəbələ” 15 dəfə heç-heçə edib və 35 matçda uduzub. Rəqib qapısına 45 dəfə yol tapan “qırmızı-qaralar” 98 top buraxıblar.

“Qəbələ” 38-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Qəbələlilər əvvəlki ev oyunlarında 9 qələbə qazanıblar, 11 heç-heçə ediblər və 17 dəfə uduzublar. Bu görüşlərdə rəqib qapısından 33 top keçirən “Qəbələ” futbolçuları 50 qola üzülüblər.

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşünə saat 19:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: