Olavio Juninyo Avroliqada həftənin ən yaxşısı adına namizəd oldu

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Olavio Juninyo Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizəd olub.

Arena.az xəbər verir ki, UEFA Avroliqanın 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.

Siyahıda braziliyalı yarımmüdafiəçisi Juninyo da yer alıb. Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda “Roma”nın italiyalı yarımmüdafiəçisi Stefan Əl-Şaaravi, Marsel “Olimpik”inin qabonlu forvardı Pyer-Emerik Obameyanq və “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.

Xatırladaq ki, Olavio Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Bayer”lə matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Darvin Nunyes Praqa “Sparta”sına səfərdə 5:1 hesabıyla qalib gəldikləri görüşdə dubla imza atıb.

Obameyanq da “Vilyarreal”ı evdə 4:0 hesabıyla yendikləri matçda dubla müəllifi olub.

Əl-Şaaravi isə “Brayton”u doğma meydanda 4 cavabsız qolla yendikləri görüşdə 1 qolvurb, 2 assist edib.

UEFA Çempionlar Liqasında da bu həftənin oyunçusu adına namizədlər açıqlanıb. Bu ada Manuel Akanci (“Mançester Siti”), Kilian Mbappe (PSJ), Villi Orban (“Leypsiq”) və Harri Keyn (“Bayern”) namizəddirlər.

Mbappe səfərdə “Real Sosyedad”a 2:1 hesabıyla qalib gəldikləri oyunda, Keyn isə doğma meydanda “Latsio”nu darmadağın etdikləri görüşdə dubla imza atıb. Akanci “Kopenhagen” üzərində 3:1 hesablı qələbəyə 1 qolla töhfə verib. Orban da “Real”la səfər oyunundakı heç-heçədə (1:1) komandasının yeganə qolunun müəllifi olub.

Avropa Konfrans Liqasında da həftənin ən yaxşısı adına namizədlər bəllidir. Bunlar Conatan David (“Lill”), Yorrel Hato (“Ayaks), Bruno Petkoviç (“Dinamo”, Zaqreb) və Eran Zahavidir (“Makkabi”, Təl-Əviv).

David “Şturm Qrats”a 3:0 hesabıyla qalib gəldikləri səfər oyununda dubl edib, Zahavi “Olimpiakos”u 4:1 hesabıyla yendikləri səfər matçında dubl edib. Pektoviç PAOK-u evdə 2 cavabsız qolla məğlub etdikləri görüşdə dubl edib. Hato da “Aston Villa” ilə qolsuz bitən ev oyununda komandasının ən yaxşılarından olub.

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: