Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisinə dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi yığma komandanın KONKAKAF Millətlər Liqasının dördlər finalı üçün yekun heyətdə yer alıb.
Panama millisi yarımfinal oyununda martın 21-də Meksika ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə ABŞ və Yamayka milliləri üz-üzə gələcəklər. Turnirin finalı martın 24-də olacaq.
Xatırladaq ki, Miller Panama millisində 2011-ci ilin oktyabr ayında debüt edib. O, yığmanın heyətində bütövlükdə 38 oyun keçirib və 2 qola imza atıb. Roderikin hesabında 1 məhsuldar ötürmə də var.
Xatırladaq ki, Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisində 31 oyuna çıxıb, 6 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Millerin “Turan Tovuz”la müddəti daha bir il artırılmaq şərti ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.
Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. O, Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında da legioner həyatı yaşayıb.
Roderik Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.


