Emin Mahmudov: “Rekordu qırmaq asan iş deyil”

Futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bolqarıstana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, yığmamız “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də Bolqarıstan millisi ilə üz-üzə gələcək.

“Neftçi”yə məxsus yarımmüdafiəçi bu gün matçdan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Bolqarıstan millisinin yaxşı hücumçuları var. Çalışacağıq ki, öz oyunumuzu göstərib, qələbə qazanaq.

Motivasiya sarıdan problem yoxdur. Heç vaxt olmayıb. Maksimumu edəcəyik ki, yaxşı oyun göstərək. Hər oyun vacibdir. Başa düşürük ki, Monqolustan kimi komandalara çox qol vurmalıyıq. Alınmadı. Buna görə tənqidləri qəbul edirik. Sabah məndən də qol gözləyə bilərsiniz. Amma əsas komandanın qalib gəlməsidir”.

Mahmudov sabah qol vuracağı təqdirdə milli tarixinin yeni bombardiri ola bilər. O, bu məqama da münasibət bildirib: “Motivasiya həmişə olmalıdır. Rekordu qırmaq asan iş deyil. Bir qolum qalıb. Çalışacağam ki, qol vurum, komandama xeyir verim. Bəzi matçlarda qol vursam da, komandaya xeyir verməyib”.

Yığmanın kapitanı Azərbaycan millisində yerli və ya əcnəbi mütəxəssisin faydalı olacağına dair suala da aydınlıq gətirib:

“Mən yerli məqşçi ilə də işləmişəm, xarici mütəxəssislə də. Hamı ilə münasibətim yaxşı idi. Keçmiş məşqçilərə qarşı nəsə demək istəmərəm. İkisi də yaxşıdır”.

Emin Mahmudov UEFA Millətlər Liqasında yığmamızla eyni qrupda yer almış və pley-off mərhələsinə çıxmış Qazaxıstan millisinin uğurundan da söz açıb:

“Niyə onlarda alınır, bizdə yox” sualına cavab tapmaq üçün dərindən araşdırma aparmaq lazımdır. Biz Qazaxıstanı səfərdə də uda bilərdik. Daha yaxşı oyun göstərdik. Onlar qalib gələrək motivasiya ilə davam etdilər, qrupu yaxşı keçdilər. Biz o oyunu yaxşı oynasaydıq, bizdə də yaxşı şanslar olardı. Amma deyə bilmərəm ki, Qazaxıstan bəxt sayəsində oralara gedib çıxdı. İşləyiblər, yaxşı oyun göstəriblər. Qazaxlar kimi eyni nəticənin bizdə də olmasına çalışacağıq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm. Çox istəyərdim ki, yaxın gələcəkdə olsun”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan matçına saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: