Futbol üzrə Bolqarıstan yığmasının baş məşqçisi İlian İliyev bu gün Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan bu oyunda qalib müəyyənləşməyib – 1:1.
Qonaq komandanın çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Azərbaycan millisi məni təəccübləndirdimi? Xeyr, təəccüblənmədim. Amma Azərbaycan millisi yaxşı komandadır. Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik. “Qarabağ” avrokuboklarda yaxşı çıxış edir. Millidə yaxşı oyunçular oynayır.
Çox yaxşı oyun alındı. Hər üç nəticə mümkün idi. Azərbaycanın da hesab 0:0 olarkən şansları var idi. Biz də 1:0 öndə olanda növbəti qolu vura bilərdik. Heç-heçə ədalətli nəticə oldu. Gəlin hakimə yüklənməyək. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi. Bolqarıstan millisinin oyunçuları ilə bağlı hansısa şərh vermək istəmirəm”.


