“Kəpəz” iki antirekordunu təkrarladı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) mübarizə aparan “Kəpəz” klubu iki antirekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.

Adil Şükürovun yetirmələri Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub. 2006-cı il martın 25-də “Neftçi” bu komandanın meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də isə “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb.

Gəncə klubu həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” da gəncəlilərin meydanında altı qol vurub.

Xatırladaq ki, bu mövsüm öz stadionundan istifadə edə bilməyən “Kəpəz” sonuncu ev matçını Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib. Bu komanda Premyer Liqanın turnir cədvəlində 27 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: