Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turu çərçivəsində baş tutan “Minay”la matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun futbolçumuzun komandasının qələbəsiylə yekunlaşıb – 3:2
Emil bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının üçüncü qolunu da Mustafayev vurub. O, 59-cu dəqiqədə rəqib qapısına yol tapıb.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev bu ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 2 oyuna çıxsa da, fərqlənə bilməyib.
Yeri gəlmişkən, Azərbaycan millisinin sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” da Ukrayna çempionatında növbəti matçına çıxıb. Sözügedən komanda bu turda “Veres-Rivne”nin qonağı olub və 0:3 hesabıyla uduzub. Dmitri sonadək ehtiyatda qalıb.
23 turdan sonra 36 xala malik “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 18 xalla 14-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 24-cü turu çərçivəsində aprelin 13-də “Minay”ı, “Polesye” isə ayın 14-də “Kolos”u qəbul gələcək.


