Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 31-ci turu çərçivəsində baş tutan lider “Eyüpspor”la oyunun iştirakçısı olub.
“Boluspor” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 8-ci heç-heçəsidir. Futbolçumuzun komandası digər oyunlarda 13 qələbə qazanıb, 10 məğlubiyyətə üzülüb.
İsgəndərli bu oyunun 70-ci dəqiqəsində meydana buraxılıb. Amma onun da səyləri komandasının qələbə qazanması üçün yetərli olmayıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 12 matça çıxıb.
“Boluspor” 31 turdan sonra 47 xalla 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. “Eyüpspor” isə 69 xalla vahid liderdir.


