Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turu çərçivəsində baş tutan Luqansk “Zarya”sı ilə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə evdə qarşılaşıb və meydanı heç-heçə ilə tərk edib. Emil bu görüşə start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 19 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev bu ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 2 oyuna çıxsa da, fərqlənə bilməyib.
Yeri gəlmişkən, Azərbaycan millisinin sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” da Ukrayna çempionatında növbəti matçına çıxıb. Sözügedən komanda bu turda evdə “LNZ Çerkası” ilə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib. Dmitri bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
27 turdan sonra 43 xala malik “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 25 xalla 13-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasında növbəti matçını mayın 11-də keçirəcək. Bu komanda 28-ci tur çərçivəsində Lvovun “Rux” komandasını qəbul edəcək. “Polesye” isə mayın 12-də “Krivbas”ın qonağı olacaq.


