Brkiç: “Mən başqasında günah axtara bilmərəm”

“Neftçi”nin qapıçısı İvan Brkiç Azərbaycan Premyer Liqasının 36-cı turunda “Sabah”a qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, 2023/2024 mövsümünün sonuncu turuna təsadüf edən bu həlledici oyunda “ağ-qaralar” 0:1 hesabıyla uduzaraq mövsümü 5-ci pillədə başa vurdular.

Bu üzdən “Neftçi” avrokuboklara da vəsiqə qazana bilmədi. Matçın ardından paytaxt klubunun xorvatiyalı qapıçısı İvan Brkiç jurnalistlərə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Avrokuboklardan kənarda qaldınız. Bu sonluğu necə şərh edərdin?
– Azarkeşlərdən üzr istəyirəm. Bilirəm ki, bu, onlara heç nə verməyəcək. Amma yenə də onlardan üzr istəyirəm.

– Niyə məğlub oldunuz?
– Bu, futboldur, hər şey ola bilər. Çox danışmaq istəmirəm. Sadəcə, azarkeşlərə üzrxaqlığımı çatdırmaq istəyirəm. Əlimdən gələni edirəm. Mən də çox istəyirəm ki, avrokuboklarda oynayım. Təəssüf ki, bu dəfə alınmadı. Azarkeşlər üçün, hamı üçün məyusam. Amma inanın ki, mən də Avropada oynamağı çox istəyirdim. Buna görə bura gəlmişəm. Hazırda vəziyyətimiz xoş deyil. Azarkeşlər və klub daha da yaxşısına layiqdirlər. Həyat davam edir. Biz gələn il bura qayıdıb, daha yaxşısını etməliyik.

– “Neftçi”də hər şey yaxşıdır. Bəs niyə heç nə alınmır?
– Mən ancaq özümdən danışa bilərəm. Klub rəhbərliyi, digər oyunçular və ya azarkeşlər haqda danışa bilmərəm. Ancaq özümə cavabdehəm. Günahı başqalarının üzərinə ata bilmərəm. Mənə görə, günah yalnız özümdədir. Daha da yaxşı olmalıyam.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: