Rusiya yığmasının sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinə mümkün təyinatı ilə bağlı yayılan xəbərləri cavablayıb.
Arena.az MK dərgisinə istinadən, rusiyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bəli, həqiqətən, mən belə nəşrləri görmüşəm. Amma hələ məsələ rəsmi danışıqlara çatmayıb. Mən belə şeylərə ciddi yanaşıram, çünki Azərbaycan zəngin futbol ənənələri olan futbol ölkəsidir. Azərbaycan yığması ilə ən çətin tapşırıqları həll etmək olar. Üstəlik, ölkə prezidenti İlham Əliyev təkcə futbolu deyil, bütün peşəkar və kütləvi idmanı dəstəkləyir. Həyat yoldaşı kimi Mehriban Əliyeva da idman layihələrinə, müxtəlif idman növləri üzrə federasiyaların inkişafına böyük diqqət yetirir.
Avropa Liqasının finalının Bakıda keçirilməsinin özü çox şey haqda deyir. Milli futbol federasiyasına rəhbərliyi bu yaxınlarda yeni prezident Rövşən Nəcəf üzərinə götürdü, o, düzgün qərar qəbul etmək üçün vaxta ehtiyacı olan iddialı gənc liderdir”, deyə Çerçesov bildirib.
Xatırladaq ki, martın sonunda Çerçesovun Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. Ötən ilin sonunda Canni De Byazi ilə yollarını ayıran AFFA rəhbərliyi hazırda Azərbaycan millisinə yeni baş məşqçi axtarışındadır. Hazırda qonşu Türkiyə, Rusiya ilə yanaşı, digər ölkələrdən də xeyli mütəxəssisin adı millimizlə birgə hallanır.
Stanislav Çerçesov 2023-cü ilin yayında Macarıstanın “Ferentsvaroş” klubundan qovulandan bəri işsizdir. O, 2021-ci ilin dekabrından rəhbərlik etdiyi bu komandanı bütövlükdə 74 oyuna çıxıb. Macarlar bu görüşlərdə 41 ələbə qazanıblar, 13 heç-heçə ediblər, 20 məğlubiyyətə üzülüblər.
60 yaşlı Çerçesov 2016-2021-ci illər aralığında Rusiya yığmasına rəhbərlik edib. O, “Legiya” (Varşava), “Dinamo” (Moskva), “Amkar” (Perm), “Terek”, “Jemçujina”, “Spartak” (Moskva), “Vakker” (Tirol) və “Kufştayn” kimi komandalarda da baş məşqçi kimi çalışıb.


