“Neftçi”nin yetirməsi olan sağ cinah müdafiəçisi, Azərbaycan millisinin də üzvü olan Ömər Buludov “Araz-Naxçıvan”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Buludov qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” bu gün “Qəbələ”nin futbolçuları Ürfan Abbasov və Ülvü İsgəndərovla da 1 illik müqavilə imzalandığını açıqlamışdı.
Ömər Buludov “Neftçi”nin yetirməsidir. O, 2017-ci ildən 2023/2024 mövsümünün sonuna qədər “Neftçi”nin heyətində yer alıb. Müdafiəçi paytaxt klubunun heyətində 142 oyuna çıxıb, 5 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-21 yığmasında da oynamış Buludov, 2019-cu ildə debüt etdiyi əsas millimizdə cəmi 1 oyun keçirib.


