Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün qalibi olan “Şamaxı” bu gün daha bir futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi müdafiəçisi Əbil Əbilovla da vidalaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, ötən mövsümün əvvəlində bu komandaya qoşulan Əbil Əbilov qış fasiləsində “Difai Ağsu”ya icarəyə verilmişdi. İcarə müddəti bitən və müqavilə ilə “Şamaxı”ya məxsus olan müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi bu gün qapıçı Əkbər Vəliyev, həmçinin Süleyman Damadayev və Elçin Qasmovla da yollarını ayırdığını açıqlamışdı. Damadayev müqavilə əsasında aid olduğu “Qəbələ”yə, Qasmov isə “Turan Tovuz”a geri dönüb.
Əyalət təmsilçisi 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.


