Futbol üzrə Azərbaycan çempionatında və kubokunda 2023/2024 mövsümünü “qızıl dubl”la bitirən “Qarabağ” tarixində 20-ci titulu qazanıb.
Arena.az xəbər verir ki, Ağdam klubu buna ötən gün ölkə kubokunu qazanmaqla nail olub.
Qurban Qurbanovun yetirmələri finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəliblər. Ağdam klubu 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı “qızıl dubl”una imza atıb. Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib.
Beləliklə, “Qarabağ”ın hesabında hazırda 11 çempionluq var: 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/24.
Ağdam klubu 8 dəfə kubok qazanıb: 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/24.
“Köhlən atlar” 1993-cü ildə də Azərbaycan Super Kubokuna sahib çıxıblar.
Ağdamlılar titul sayında da Azərbaycan rekordunu yeniləyib.


