“Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç artıq geridə qalmış 2023/2024 mövsümünün yekunu haqda fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, 28 yaşlı monteneqrolu futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:
“Arxada möhtəşəm bir mövsüm və unudulmaz anlar buraxdıq. Bu, klubumuzun tarixinin bir hissəsi kimi əbədi olaraq qalacaq. Lakin bu, keçmişdə qaldı və indi növbəti addımlar hesablanmalıdır. Daha böyük nailiyyətlər qazanmağı səbirsizliklə gözləyirik. Uzun marafonda iştirak edən hər kəsə – komanda yoldaşlarıma, azarkeşlərə, ailələrimizə təşəkkür edirəm”.
Xatırladaq ki, “Qarabağ” son mövsümdə Azərbaycan Premyer Liqasında və ölkə kubokunda çempion adını qazanıb. Ağdam klubu Avropa Liqasında da qrup mərhələsini adlamağı bacarıb. Hətta Avropa Liqasında 1/8 finala qədər irəliləyən komanda bu raundda Almaniyanın “Bayer” klubuna uduzub – 2:2, 2:3.
Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Yarımmüdafiəçi Ağdam klubunun heyətində 88 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
Yankoviç “Qarabağ”dan öncə “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Beoqrad”, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” və “Olimpiakos” kimi klublarda da forma geyinib. Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 47 oyun keçirib, 1 qola imza atıb, 6 assist edib.


