Süleyman Əhmədov da “Səbail”də qaldı

Yeni mövsüm üçün heyətini formalaşdırmağa çalışan “Səbail” daha bir futbolçusu – Süleyman Əhmədov ilə də müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

24 yaşlı müdafiəçi ilə 1 illik yeni anlaşma əldə olunub. Onun bu klubla əvvəlki müqaviləsinin müddəti bu ayın sonunda bitəcəkdi.

Süleyman Əhmədov 2023-cü ilin iyul ayından “Səbail”də çıxış edir. Oyunçu ötən mövsüm Premyer Liqada 12 matçda meydana çıxıb.

Əhmədov daha öncə “İnter” (indiki “Şamaxı”), “Qarabağ” (U-19) və “Sumqayıt”da da çıxış edib.

Xatırladaq ki, “Səbail” daha öncə Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev və Rüfət Abdullazadə ilə də müqaviləni yenilədiyini açıqlamışdı. Bakı təmsilçisi Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Fərid Nəbiyevi isə transfer etdiyini bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: