Leandro Andrade “Qarabağ”ı “Beşiktaş”a dəyişir?

Kabo Verde yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirə bilər.

Arena.az xəbər verir ki, bu barədə Portuqaliyanın məşhur “A Bola” nəşri məlumat yayıb.

“Beşiktaş”ın 24 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilir. “Qara qartallar”ın Azərbaycan klubu ilə danışıqlarının davam etdiyi də diqqətə çatdırılıb.

Xatırladaq ki, Leandronun 2023/2024 mövsümünün qış fasiləsində də Türkiyənin “Qalatasaray”, Çinin “Şanxay Şenhua” və Rusiya klublarından təkliflər aldığı bildirilirdi. Lakin həmin vaxt “Qarabağ” bütün bu söhbətlərə futbolçusu ilə yeni müqavilə bağlamaqla son qoymuşdu.

Qeyd edək ki, Kabo Verdedən olan oyunçunun Ağdam klubu ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.

Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. 24 yaşlı futbolçu 2023/2024 mövsümündə meydana çıxdığı 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Leo Ağdam klubunun heyətində bütövlükdə 108 oyun keçirib. O, bu oyunlarda 27 qola imza atıb, 40 assist müəllifi olub. Leandro “Qarabağ”ın heyətində üç dəfə (2021/2022, 2022/2023, 2023/2024) Azərbaycan çempionu, iki dəfə (2021/2022, 2023/2024) ölkə kubokunun qalibi olub.

Leandro Andrade daha öncə Portuqaliyada “Fatima”, Bolqarıstanda “Çerno More” kimi komandaların da şərəfini qoruyub. O, 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığma komandasında da 6 oyun keçirib, lakin məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: