Yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edən “Səbail” sağ cinah müdafiəçisi Rafael Məhərrəmli ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Məhərrəmli ilə “Səbail” PFK arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Paytaxt klubu onu heyətində saxlamağa ehtiyac duymayıb. “Dənizçilər” futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıblar.
Rafael Məhərrəmli “Səbail”ə 2022-ci ilin iyul ayında “Şamaxı”dan keçmişdi. 24 yaşlı futbolçu paytaxt klubunun heyətində 51 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Səbail” daha öncə Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov və Bahadur Həziyevlə də yollarını ayırmışdı. Əvəzində paytaxt klubu Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”) və Vüsal Məsimovu (“Kəpəz”) heyətinə qatıb. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla isə yeni müqavilə imzalanıb.