Braziliya millisi ABŞ yığması ilə heç-heçə oynadı – Video

İyunun 12-dən 13-nə keçən gecə ABŞ yığması ilə Braziliya millisi arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.

Arena.az məlumat verir ki, ABŞ-ın Orlando şəhərinin “Kempinq Uorld” stadionunda keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Oyunun 17-ci dəqiqəsində “Real”ın vingeri Rodriqo “Barselona”nın vingeri Rafinyanın məhsuldar ötürməsini tamamlayıb – 1:0. 26-cı dəqiqədə isə “Milan”ın vingeri Kristian Pulişiç cərimə zərbəsindən tarazlığı bərpa edib – 1:1.

“Selesao” öz oyununa məşq edirmiş kimi davam edib, “yankilər” isə uğurla müdafiə olunaraq, heç-heçəni qopara biliblər. Beləliklə, Braziliya millisi qarşıdakı Amerika Kubokuna hazırlığını tamamlayıb. Eləcə də ABŞ yığması müvafiq yarışda iştirakı üçün hazırlıq mərhələsini başa vurub.

Xatırladaq ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-ın 14 şəhərində keçiriləcək.

Braziliya millisi yarışda “D” qrupunda Paraqvay, Kolumbiya və Kosta-Rika yığmaları ilə mübarizə aparacaq.

ABŞ yığmasını isə “C” qrupunda Boliviya, Uruqvay, Panama yığmaları ilə oyunlar gözləyir.

Yeri gəlmişkən, ötən gecə Ekvador yığması da Boliviya millisi ilə qarşılaşıb və 3:1 hesablı qələbəyə secinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: