Silvinyo İtaliya yığmasına məğlubiyyətə aydınlıq gətirdi

Albaniya yığmasının baş məşqçisi Silvinyo AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda İtaliya yığmasına məğlubiyyətə aydınlıq gətirib.

Arena.az xatırladır ki, Albaniya yığması oyunun 23-cü saniyəsində qol vuraraq Avropa çempionatlarının tarixi rekordunu müəyyənləşdirsə də, “skuadra adzurra” 2:1 hesablı əzmkar qələbəni qopara bilib.

“Mən məyusam. Bu oyundan nəyəsə nail olmaq üçün ardıcıl on gün çalışdıq, amma buna nail olmadıq. Azarkeşlər inanılmaz idilər; Stadionda və ondan kənarda dəstək inanılmaz idi. Təəssüf ki, hesabı bərabərləşdirə bilmədik.

İtaliya yığması topu çox sürətlə ötürdü və təəssüf ki, biz duruş gətirə bilmədik. Düşünürəm, ikinci qolu buraxmasaydıq, əks-hücumda onları vurmaq üçün yaxşı imkanımız olardı, amma biz duruş gətirə bilmədik”, – UEFA-nın mətbuat xidməti braziliyalı mütəxəssisdən sitat gətirir.

1-ci turdan sonra “B” qrupunda komandalar belə sıralanıblar: İspaniya (3 xal), İtaliya (3 xal), Albaniya və Xorvatiya (hər ikisi xalsız).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: