Albaniya yığmasının baş məşqçisi Silvinyo AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Xorvatiya yığması ilə heç-heçəni (2:2) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, braziliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İlk növbədə, rəqibə qiymət verməliyik, çünki Xorvatiya yığması son bir neçə ildə çox yaxşı nəticələr göstərib. Onların inanılmaz oyunçuları var. Bütün oyunu təhlil etmək çətindir. İlk hissəni çox yaxşı oynadıq, amma ikinci hissədə 15-20 dəqiqədən çox çətinlik çəkdik. Ancaq oyunun sonunda heç-heçəyə layiq idik”, deyə Silvinyo vurğulayıb.
1-ci turdan sonra hər biri 3 xal toplamış İspaniya və İtaliya yığmaları “B” qrupunun müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. 2-ci turdan sonra hər biri 1 xal toplamış Albaniya və Xorvatiya yığmaları isə müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.


