Futbol üzrə Monteneqro milli komandasının formasını geyinən mərkəz yarımmüdafiəçisi Edvin Kuç “Neftçi”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xatırladaq ki, “Neftçi” monteneqrolu futbolçu ilə hələ aylar öncə bütün məsələlərdə razılıq əldə etmişdi. Amma onun keçidi məhz indi rəsmiləşib.
Kosovonun “Ballkani” klubundan azad agent kimi ayrılan yarımmüdafiəçi “ağ-qaralar”la 3 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Edvin Kuç 2020-ci ilin avqust ayından “Ballkani”də çıxış edirdi. O, geridə qalmış mövsümdə Kosovo klubunun heyətində 50 oyuna çıxıb, 8 qol vurub, 4 qol ötürməsi edib. Monteneqrolu futbolçunun Kosovo klubundakı ümumi karyerası 197 oyun, 22 qol və 10 məhsuldar ötürmədən ibarətdir. O, karyerası ərzində “Deçiç”, “Usti nad Labem”, “Mladost”, “Rudar” və “Gilani” kimi klublarda da forma geyinib.
Kuç Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), Kosovo Kubokunun (2024) və Kosovo Super Kubokunun (2023) qalibi olub.
Edvin Kuç ötən ildən Monteneqro yığmasına da cəlb olunmağa başlayıb. O, 2023-cü ilin oktyabrında debüt etdiyi Monteneqro yığmasında 7 oyuna çıxıb, 3 qol vurub.
Sonda onu da xatırladaq ki, hazırda Monteneqro milli komandasının daha 2 üzvü – Marko Yankoviç və Marko Veşoviç də Azərbaycanın digər klubu “Qarabağ”da forma geyinir.
“Neftçi” buna qədər Ömər Buludov (“Araz-Naxçıvan”), Rüfət Abbasov (“Şamaxı”), Turan Vəlizadə (“Araz-Naxçıvan”), Eddi İsrafilov, Reziuan Mirzov (“Ximki”, Rusiya), Aqil Məmmədov və Ataa Caberlə yollarını ayırdığını açıqlamışdı.


